İşığa tətbiq edilən limit niyə artırılmır? - Açıqlama

15:43 23.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Havaların qızması kondisionerlərdən istifadəni artırır. Belə ki, ən çox şəhərlərdə yaşayan insanlar bu cansıxıcı istilərdən qurtulmaq üçün məcbur kondisionerlərdən istifadə edirlər. Bəs ay sonu işığa ödəniləcək məbləği necə, vətəndaş çatdıra bilirmi?

Diqqətə çatdırmaq istərdik ki, bir müddət əvvəl işığa tətbiq olunan limitin  artırılması məsələsi gündəmdə idi. İctimaiyyətlə yanaşı, məsələ Milli Məclisdə də müzakirə edildi. Bir sıra millət vəkilləri də işığa tətbiq edilən limitlərin ləğvini vurğuladılar.

Deputat Fazil Musatafa da limitlərin ləğvi ilə bağlı çıxış etdi. O, bildirdi ki, bu limitlər ləğv oluna bilər: "Hökumət çalışmalıdır ki, vətəndaşın həyat səviyyəsi yüksək olsun. Əgər gəlirlər normal olarsa, o zaman odun yandırmağa ehtiyac qalmaz. Ancaq vətəndaşın gəlir səviyyəsi aşağıdır. Hazırda çox insan bu yüksək qiymətlərdən və limitin az olmasında əziyyət çəkirlər”. 

İsti aylarda mövzunun aktuallığını nəzərə alıb “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ilə əlaqə saxladıq. Qurumun sözcüsü hafta.az-a açıqlmasında bildirdi ki, qiymətin dəyişməsi və ya limitin ləğv edilməsi Tarif Şurasına aid olan bir məsələdir: Onun üçün biz bu haqda nəyisə deyə bilmərik. Biz onların qərarını tətbiq edirik".

T.Mustafayev "hazırda bir vətəndaşın sərf etdiyi işığınn orta statistik göstəricisi nə qədərdir" sualına isə belə cavab verdi: “Bizdə bunun hər zaman statistikası aparılır. 80-85 faiz vətəndaş heç limiti keçmir”.

İqtisadçı ekspert, professor Fikrət Yusifov isə hesab edir ki, ışığın və qazın maya dəyəri dərindən araşdırılsa onda nəinki limitləri ləğv etmək olar, hətta qaz və elektrik enerjisinin qiymətlərini əsaslı şəkildə azaltmaq mümkündür:

“Mən bu barədə fikirlərimi mətbuatda dəfəlırlə səsləndirmişəm. Bu limitlər tamamilə ləğv edilməlidi. Bunun üçün elektrik enerjisi və qaz istehsal edən müəssisələrdə kifayət qədər böyük rezervlər mövcuddur. Bu rezervlıri həmən məhsulların maya dəyərində axtarmaq lazımdı”.

Qeyd edək ki, hazırda elektrik enerjisinin  250 kilovatt/saata qədəri 0.07 qəpiklə 17.5 manatla, bu limitdən sonrakı sərfiyyat isə 0.11 qəpiklə hesablanır.